пятница, 9 мая 2008 г.

Sovet hakimiyyəti - milli-mənəvi dəyərlərin aşınması, yoxsa elm və tərəqqiyə rəvac?!

«Hikmət evi» disput mərkəzi «Sovet bizə nə verdi?» mövzusunda müzakirələr üçün növbəti dəfə iştirakçılara qapı açdı. Bu səpkidə mövzunun seçilməsinə və müzakirə olunmasına səbəb, Sovet hakimiyyəti dövründə Azərbaycanın həqiqi qazanc və itkilərini, yaxın keçmişin müasir dövrümüzə nə kimi təsirlər qoyduğunu müəyyənləşdirməkdə idi. Tədbir Hacı İlqar İbrahimoğlunun disput iştirakçılarını salamlaması və bugünkü disputdan maraqlı çıxış və müzakirələr gözlədiyini söyləməsi ilə başladı. İlk çıxışçı Leyla Abbasova Sovet hakimiyyəti illərində Azərbaycanın istər mənəvi, istər iqtisadi, istər siyasi müstəvidə qazancından daha çox itkiləri olduğunu qeyd edərək, bu fikirlərini kifayət qədər faktlar və statistik göstəricilərlə əsaslandırdı. O dövrü - «qırmızı terror» dövrü adlandıraraq ziyalıların, din xadimlərinin və ümumiyyətlə sosialist ideologiyasına zidd düşünən insanların məhv edilməsini və nəticədə milyonlarla insanın repressiyaların qurbanı olduğunu iştirakçıların nəzərinə çatdırdı. Eyni zamanda millətin mənəvi dəyərlərinə hansı zərbələrin endirildiyi haqda danışarkən dini kitabların yandırılması, təhsil sistemində elmi ateizmin tədris olunması, hətta çar dövründə müəyyən çatışmamazlıqlarla olsa belə fəaliyyət göstərən din alimlərinin səlahiyyətlərinin əllərindən alınması və s. bu kimi mövzularda danışdı.Sonra Azərbaycan xalqının milli dəyərlərinə də kifayət qədər müdaxilələrin mövcudluğu - milli bayramların rəsmi qeyd olunmaması, ölkədə azərbaycan dilinin rəsmi dil olmasına baxmayaraq xüsusilə ali təhsil sistemində lazım olan ədəbiyyatın azərbaycan dilində dərc olunmaması haqqında fikirlərini söylədi. Kütləvi şəkildə ruslaşmanın aparılması, Sabir, Nəsimi və bu kimi klassik yazarları xalqa dini və ondan irəli gələn ayinlərə qarşı olan kimi göstərilməsini də vurğuladı.Sovet dönəmində dinin azadlığa qarşı olması fikrini əsas tutaraq xanımların hicabı tərk etməsi, fiziki işlərdə işlədilərək bunları qadın və kişinin bərabərliyi, qadın azadlığı kimi qələmə verilməsi və s. haqqında danışdı. Çıxışının yekununda sadalanan məsələlərin hansı nəticələrə gətirib çıxardığını açıqladı: «Nəticədə müsəlmançılıq inanc məsələsindən daha çox bir ənənəyə, islam dininə etiqad bəsləyənlər isə namaz, oruc, fitrə kimi dinin yalnız bəzi ibadət məsələlərinə riayət edən etnik müsəlmanlara çevrildilər. Bir çox yazarlar və ya maarifləndiricilər sürgün olundu və ya öldürüldü».İkinci tərəfdən Şadlinskaya Gülzar xanım isə Sovetin Azərbaycan xalqına gətirdiyi yeniliklər, qazanclar haqqında danışdı. Çıxışçı sovet ideologiyasının əsasını təşkil edən ədalət, bərabərlik prinsipləri üzərində xalqı birləşdirmənin, millətlərarası qardaşlığın bərqərar olmasını çox böyük uğur kimi vurğuladı. Təhsil sistemində olan çox böyük islahatlardan danışarkən təhsilin maddi imkanlarından, aid olduğu sosial təbəqədən asılı olmayaraq hamı üçün olması, orta təhsildən əlavə orta-ixtisas və ali təhsilin mövcudluğu, Elmlər Akademiyasının təsis olunmasını, savadsızlığın kütləvi şəkildə aradan qaldırıldığını qeyd etdi.«Hamının eyni cür yaşamasını, dövlət tərəfindən təyin olunan qanun və qaydaların işləməsi insanlarda natamamlıq kompleksini aradan aparırdı. Məktəblərdə standart formanın olması da bir nümunədir ki, hamı - istər varlı, istər kasıb eyni geyinirdi. İnsanların sosial fərqləri çox qabarmırdı. Təhsil alanlar bilirdi ki, işləyəcək, işləyən mütləq rifahını yaxşıaşdıracaq, dövlət tərəfindən evlə təmin olunacaq. Hər bir vətəndaş özünün və ailəsinin dövlətin müdafiəsi altında olduğunu hiss edirdi, gələcəyə ümid var idi» - deyən çıxışçı indiki dövrdən fərqli olaraq insanların daha səmimi, xöşbəxt, mədəni olduqlarını söyləyərək çıxışını yekunlaşdırdı. Disput iştirakçıları hər iki çıxışçını dinlədikdən sonra sual və iradlarını bildirdilər. Sovet hakimiyyətinin fəaliyyətində həm müsbət, həm də mənfi xüsusiyyətləri vurğulayanlar oldu. Qadınların 70 ildə istismara məruz qaldığı, Sovet hakimiyyətinin Azərbaycan xalqının deyil, öz maraqlarını güddüyü, o dövrdə «dəmir pərdə»nin mövcudluğu üzündən xalqın öz yaşayış tərzini ən yaxşı bilməsi və s. bu kimi rəylər səsləndi. İndiki dövrlə müqayisədə Sovet dönəminin uğurlu görsənməsi yaşadığımız dövrün istər mənəvi, istər iqtisadi böhran dövrü olduğu, buna görə də Sovet hakimiyyətinin insanlara daha yaxşı dövr təəssüratı yaratdığı vurğulandı. Sonda Sovet quruluşunun Azərbaycanın tarixi ilə yanaşı, gələcəyinə təsir etməsinə diqqətin zəruriliyini qeyd edən Hacı İlqar bu mövzunun hər bir vətəndaş üçün önəmliliyini vurğulayaraq hər iki çıxışçı ilə yanaşı bütün iştirakçılara fəal olduqları üçün təşəkkürünü bilidirdi.

Günay Həsənova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Müasir cəmiyyət və müsəlman ailəsi arasında həlledilməz konflikt yoxdur

Cəmiyyət inanc mövzularına kifayət qədər tolerant yanaşmalıdır«Hikmət evi» disput mərkəzinin təşəbbüsü ilə «Müsəlman ailəsi və müasir cəmiyyət: qarşılıqlı iradlar və anlaşmalar» mövzusunda disput keçirildi. Tədbirin təşkil olunmasda məqsəd müasir cəmiyyətin tərkib hissəsi olan müsəlman ailələrinin ictimaiyyətlə münasibətdə qarşılaşdığı çətinliklərin müəyyən olunması, müzakirələr vasitəsilə həll yollarının ortaya çıxarılmasında idi. Tədbiri Hacı İlqar İbrahimoğlu açıq elan edərək bütün disput iştirakçılarını salamladı və hamını müzakirələrdə aktiv iştirak etməyə çağırdı.İlk olaraq cəmiyyətin - daha doğrusu cəmiyyəti təmsil edən çıxışçının - N.Zeynalovanın «müsəlman ailəsinə iradlar»ı səsləndi. Çıxışının əvvəlində bir çox müsəlmanların cəmiyyətdə kifayət qədər gözəl əxlaq göstərməməsi mövzusunda N.Hacıyeva Peyğəmbərin (s) davamçısı olmaq iddiasında olan müsəlmanın bu iddiaya yaraşmayan bir məsələdə - özünün qeyri-dindardan üstün olduğunu nümayiş etdirdiyi haqda danışdı. Bunun ictimai yerlərdə - təhsil ocaqlarında, iş yerlərində, nəqliyyatda, hətta qohum-əqraba ilə münasibətdə də təzahür olunduğunu qeyd etdi. Söhbətin davamında bir sıra dindarların helmsiz - yəni sərt olduqları, kəskin danışmaqları, digərlərinin tərbiyə üsullarını bəyənmədikləri və sairə haqqında ətraflı danışdı. Çıxışçı söhbətini müsəlmandan olan gözləntilərin çox böyük olması ilə yekunlaşdırdı.Müsəlman ailəsinin timsalında G.Həsənova isə öncə öz iradları ilə çıxış etdi: «Müsəlman öz dininin çağırışlarından irəli gələrək cəmiyyətdən uzaq düşməməyə, daim insanlar arasında olmağa çalışır. Lakin, bəzən öz izzətinin hər hansı ictimai yerdə əziləcəyini bildiyi üçün ora getməkdən çəkinir. Belə olduğu halda isə cəmiyyət onu asketlikdə - özünü təcrid etmədə ittiham edir». Daha sonra çıxışçı təhsil sektorunda olan problemlərdən danışarkən Azərbaycan mühitində azlıq təşkil edən hicablı xanımların məruz qaldığı mənəvi təzyiqlərdən söz açdı. Bir müddət öncə təhsil ocaqlarında hicaba qadağa qoymaq ideyasını da xatırlatdı. Çıxışcı «Ailə qurarkən cəmiyyət müsəlmanın - dindarın nə şəkildə nigah mərasimi təşkil edəcəyinə müdaxilə edir. Onun seçim azadlığına hörmət etmir, övladına verəcəyi tərbiyənin metodologiyasını iztehza ilə qarşılayır, dünyagörüşündən irəli gələrək atdığı addımları pisləyir» və bu kimi şərhlərlə ilk çıxışını yekunlaşdırdı. Cəmiyyətin ittihamlarını cavablandırarkən çıxışçı həqiqi müsəlmanın - yəni özünü Yaradıcısına təslim edənin ictimai xətalara yol verməsinə İslam dininin yol vermədiyini bildirdi. Fərd olaraq belə səhvlərin mövcudluğunu isə bütün İslam dininin nümayəndələrinə aid edilməsini pislədi. Hər iki çıxışçının qarşılıqlı iradları dinləndikdən sonra disput iştirakçıları öz rəyləri və təklifləri ilə deyilənlərə əlavələr etdilər. «Cəmiyyət təmsilçisi»nin fikirləri ilə razı olanlar daha çox müsəlmanları ayrı-seçkilik etməkdə - yəni hər hansı sferada işçi axtararkən onun dindar olmasını əsas götürməkdə, qeyri-dindarlara qarşı kobudluq göstərib onların evinə gətirilən hədiyyələri qəbul etməməkdə, elmə meylli olmamaqla yanaşı qeyrilərinin qiraət üçün ayırdığı zamanı «vaxt itkisi» adlandırmaqda, bəzən lazım olmayan dərəcədə yumşaqlıq göstərməkdə, maraqsız, solğun, ləng və sair bu kimi xoşagəlməz xüsusiyyətlərdə ittiham etdilər. Müsəlmanlara digərlərinə qarşı daha mülayim olmağı, öz dünyagörüşlərindən fərqli düşünən insanlara daha çox ehtiram göstərməyi tövsiyə etdilər.Müsəlman ailəsinin düşüncələrini dəstəkləyən insanlar arasında isə ən çox səslənən iradlarını dindarların təzyiqə məruz qalmaları və buna görə də daim özlərini müdafiə etməli olduqları, öz dinini yaşadarkən radikal adlandırıldıqlarını, cəmiyyətin İslam dininin həqiqi dəyərlərindən məlumatsız olduqları və sairə təşkil edirdi. Tədbirin sonunda Hacı İlqar hər iki tərəfə sualla müraciət etdi: «Kim güzəştə getməlidir, cəmiyyət, yoxsa müsəlman?». Hər iki tərəfdən müxtəlif fikirlər səsləndi. Lakin, nəzərə alınsa ki, müsəlmanın atdığı hər bir addım onun dinindən, dünyagörüşündən irəli gəlir, deməli o, bu məsələlərdə etiqadının ziddinə gedə bilmir. Belə ki, o başqalarını razı salmaq üçün haram olanı yeyə, Allahın icazə vermədiyi yığıncaqlarda və ya məclislərdə iştirak edə bilməz. Bütün deyilənlər nəzərə alınaraq belə nəticəyə gəlindi ki, müsəlman ailələri və müasir cəmiyyət arasında çözülməyəcək problemlər yoxdur. Lakin, səslənən fikirlərin hər birinin ətraflı müzakirə olunmasına, eyni zamanda Azərbaycan toplumunun dini maariflənməsinə çox böyük ehtiyac var. Sonda Hacı İlqar belə disputların silsiləvi xarakter daşıyacaqına ümüd bəslədiyini qeyd etdi.

Günay Həsənova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, 4 апреля 2008 г.

«Hikmət evi» disput mərkəzinin növbəti tədbiri haqqında

Hörmətli oxucuların diqqətinə çatdırılır ki, «Hikmət evi» disput mərkəzi ənənəvi aylıq tədbirləri davam etdirir. Xatırladaq ki, mart ayında «Müsəlman ailəsi və müasir cəmiyyət: qarşılıqlı iradlar və anlaşmalar» mövzusu ətrafında disput aparılmışdır. Aprel ayında müzakirəyə çıxarılacaq mövzu isə «Müasir Azərbaycanda inanclı insanların standartları: ətalətlilik, ya dinamiklik» olacaqdır.
Eyni zamanda, «Hikmət evi» disput mərkəzi İslam Maarifi Akademiyasının dinləyicilərinin nəzərinə çatdırır ki, disputlarda fəal surətdə iştirak etmək istəyənlər və bu istiqamətdə təklifləri olanlar hikmetevi@gmail.com e-mail ünvanına müraciət edə bilərlər.